top of page

#2 Monoloq nədir?

​     Zaur Pənahov ("Qaranlıq Günəş" romanının müəllifi)

Monoloq nədir?
Bir adamın azad öz – özünə danışması.
Başqasının danışmasına icazə vermədən monoloq danışan kimdir?


Əsəri oxumağa başladığım andan onun oxuduğum digər sevgi romanlarından çox da fərqlənmədiyini düşünürdüm. Fərqli dünyalarda yaşayan eyni cəmiyyətin iki üzvü təbiətin ən qəribə oyunlarından olan sevgi ilə birləşirlər və…


Kitabın sarı səhifələrini vərəqlədikcə yanıldığımı görürdüm. Bu əsər heç də sevgidən və ya sevişməkdən bəhs etmirdi. Bu əsər məndən, səndən, ondan, bizim kimi yaşamağa məcbur olan Azərbaycanın azad oğlundan və daxilində azadlıq arzulayan qadınlarımızdan bəhs edirdi. Uşağı səhv etdiyi üçün onu döyən anadan bəhs edirdi. Əməyinin qarşılığını tələb etdiyi üçün döyülərək təhqir olunan atalarımızdan, doğruları yazdığı üçün barmaqları qırılan jurnalist qardaşlarımızdan və sevdiyi üçün həyatı məhv olan bacılarımızdan bəhs edirdi. Və bilirsiniz bütün bunları hansı qüvvə edirmiş? MİLLİ MENTALİTET adlanan və haradan gəldiyi bilinməyən qadağalar. Uşaqlığımızdan bu yana azğın dənizlərdə bizə yol göstərən o dəniz fənəri əslində yolumuzu kəsmək üçün ora qoyulubmuş, bizi azğınlıqdan qorumaq üçün yox özlərinə daha asan tabe etmək üçün, alçaltmaq üçün, döymək üçün, sevgimizi məhv etmək üçün… Bizi sındırmaq üçün!


Kitabın sonlarına yaxın özümə çətinliklə hakim olurdum. Çoxdandır unutduğum avamlığa qarşı olan kin duyğum içimdə yenidən alovlanmışdı, Raufun dostunun üzündə o ifadəni görən anda qışqırdığı kimi qışqırmaq istəyirdim, Aygün kimi yasdığı bıçaqlamaq istəyirdim, Elmar kimi mənə qardaş deyən avamları qovmaq istəyirdim. Ancaq başa düşəndə ki onların günahı yalnız bu cəmiyyətdə anadan olmaqdan ibarətdir…


İndiyə kimi oxuduğum kitabların çox azından həzz almışam bir çoxunu isə yarıya çatıb atmışam. Amma “Monoloq” əsəri zehnimin ən gözəl guşəsində əzizləyərək saxlayacağım və boş olduğum vaxtlarda onun unudulmaz anlarını dəfələrlə xatırlayacağım bir əsərdir. Müəllifi təbrik edir və unutduğum hissləri yenidən xatırlatdığı üçün ona təşəkkürümü bildirirəm.


Monoloq nədir?
Bir adamın azad öz – özünə danışması.
Başqasının danışmasına icazə vermədən monoloq danışan kimdir?
DİKTATOR!!!

MONOLOQ @ QANUN Nəşriyyatı 2012

  • s-facebook
  • s-tbird
  • s-blogger
  • s-rss
bottom of page