
#3 Dəyişməkdən qorxmayanlara həsr olunur!
Məlahət Gözəl
O özü özüylə danışır. O kiminləsə nəyisə paylaşmadan dodaqlarını tərpətmədən susaraqdan öz susqunluğuyla danışır. O hələ danışır, dayanmadan durmadan. Heç kimin eşitmədiyi bir səslə danışır. O deyə bilmədikləri, üsyan edə bilmədikləri haqqında danışır. İttihamlar, etirazlar, qadağalar, qanunlar, irad və qınaqlar haqqında danışır. Eşidilmədiyini bildiyi halda yenə yenə yenə yenə danışır. Onun belə danışığı daha sərbəst və qorxusuzdur. O bu anlarda daha azaddır. Heç kimin onun bu danışığını bilməyəcək və bu səbəbdən də məhdudlaşdırılmayacaq. Budur onun üstünlüyü.
Müxtəlif baxışlar, fərqli həyatlar, ayrı-ayrı yaşamlar hansı ki, müxtəlif tellərlə birbirnə bağlıdırlar. Uzaqdan fərqli görünən yaşamları özündə birləşdirən bu kitab mənə yuxarıda yazılan hissləri yaşamağa vadar etdi. O kitabın vərəqləri arasında yaşayanlar şüurlu canlı insanlardırlar. Kiminsə üçün qınaq meydanı, kimlər üçün isə dərs simvoluna çevirilənlərdilər.
Oxuyub qurtarandan sora, kitabın vərəqlərini bir tərəfindən tutub sürətlə vərəqləyirəm hər zaman. O zaman oxuduqlarımı həzm eləyirəm. “Monoloq”u vərəqlədikcə səhifələrdən “Haqqım”, “Ehtiyacım”, “Tələbatım”, “Mənim olan”, “Sənə, sizə, başqalarına nə?!” kimi bu kitabda yaşayan obrazların çığırtılarını eşidirmiş kimi oluram. Müəllif o obrazları yüzlərlə insanların bir üzü kimi canlandırıb. Səbəb nədi bəs? Düşünürəm ki, öz əlimizlə qamçıladıqlarımızın kürəklərində açılan yaraların necə bir hiss olduğunu daddırmaq istəyib. Mənim, sənin, bizim qurduğumuz mühitin nəticələrini göstərib.
Bir sinif otağında başlayıb oradaca da bitən Monoloq şərəfin, namusun, vicdanın pərdələnmiş saxta daşıyıcılar tərəfindən kəsici alətə çevrilməsindən danışır. Onların qurbanlarından, qorxularından danışır. “Ruhumu həbs edib, bədənimə hər gün işgəncə verən sizlərdən QORXURAM” - deyənlərdən danışıb, danışır. Hə o danışır durmadan, qorxa-qorxa, qarşı gələ- gələ, nəticəsini bilərəkdən danışır. Bəli, danışır cünki o MONOLOQDUR və peşəsi budur.
Monoloqu danışmağa vadar etdiyi və dünyaya gəlməsinə vəsilə olduğu üçün Müəllifə sonsuz təşəkkürkər düşür. Monoloqun da yeni əllərdə oxunduğu üçün öz yazarına minnətdarlığı var, heç şüphəsiz.