top of page

#4  "Monoloq" və cəmiyyətin problemləri

​     Elçin Kərimov

Monoloq romanı cəmiyyətin bir çox problemlərini, xüsusilə də gənclərin iç dünyasını, daxili böhranlarını, rejimin insanlar üzərində çirkin oyunlarını, xülasə, Azərbaycan reallığını çılpaq şəkildə gözümüzün önünə sərir.

 

Romanda gənclərin ən yaralı yeri din-mentalitet qaydalarıdır (niyə dini də qatdım buraya, çünki hesab edirəm ki, bütün bu murdar adətlərin kökündə islam dini ilə qarışıq prehistorik bir sistem durur). İki gənc bir-birini sevir,amma di gəl ki bu qaydalar ucbatından olmazın zülümlər görürlər. Xəyyam, gənc oğlan qəlbini burada çox dolğun təsvir edib. Romanın baş qəhrəmanı Rauf əvvəllər mühafizəkar insan olsa da, dəyişmək istəyir. Bu zaman o, cəmiyyətin qınağı ilə üzləşməli olur. Bir yanda betonlaşmış din-mentalitet kodeksi, digər yanda ülvi hisslər, sevgi,seks, müqəddəs duyğular. Bu ziddiyətlər qəhrəmanın qəlbini amansız savaş meydanına çevirir, onu tamamən yeyib bitirir.

 

Sonunu danışmaq niyyətim yoxdur, amma, onu deyim ki,roman heç də bayağı türk filimləri kimi sonlanmır.

 

Xəyyam "yaxşı oğlan"ları məhrətlə ifşa edir öz romanında. Bu elə bir qınaq, elə bir refleksiyadır ki, romanı oxumağa imkan tapan hər bir mühafizəkar "yaxşı oğlan" daxilində narahatlıq keçirəcək, özü özünə kənardan baxacaq və öz eybəcəriliyinin,öz çirkinliyinin şahidi olacaqdır.

 

Bu cəmiyyətin qadınlarının da çox ciddi yaraları var. Azərbaycan qadını ömür boyu maskulin şiddətə, kişi istismarına məruz qalan bir zavallıdır. Azərbaycan qadını qorxaqdır, savadsızdır, hər şeydən ehtiyat edəndir. Ətrafında sankı böyük bir GÖZ onu izləyir. O, arzularına çatmaqda acizdir. Gələcəyini,təhsilini,kariyerasını düşünmür, düşünə bilmir. Cəmiyyət ona bu şansları tanımır çünki.


Xəyyam öz romanında qadınların əzimkar müdafiəçisidir həm də. Qadınlara öz hüquqlarını tələb etməyi,heç nədən çəkinməməyi təlqin edir. Bu barədə qorxularını saf-çürük edir. Onları öz qorxuları ilə üzləşdirir. Əslində, bu səddi aşmaq üçün sadəcə məntiqli düşünmək kifayətdir. Eynilə Aygün kimi. Romanın qadın qəhrəmanı öz monoloqları ilə oxucusunu düşünməyə, dəyişməyə çağırır.



Siyası rejim də romanın əsas ifşa obyektlərindən biridi. Əlbəttə ki,bütün bu bəlaların başında siyasi rejim durur. Xalqının əməlli qəsdinə durub bu rejim. Özü kimi xalqını da ikiyüzlülüyə, yalan danışmağa, əxlaqsız, aqressiv olmağa zorlayır.



Sistemi anlamaq,anlatmaq üçün bəzi detallara toxunub Xəyyam. İnanıram ki, romanı oxuyan hər bir fərd öz vətəndaş məsuliyyətini - bu rejime etiraz etməyin labüdlüyünü anlayacaq.



Tənqid etmək istədiyim məqamlara da toxunmaq istərdim. İdeyalar baxımından roman çox xoşuma gəldi. Ancaq, romanda bədii təsvir və ifadə vasitələri, bədii fantaziya, bəddi rəngarənglik problemi var. Təbiət təsvirləti isə heç yoxdur. Struktur problemlərini də qeyd etməliyəm. Bəzi yerlərdə süjet xəttləri qırılır, elə bil, yazıçı harasa tələsir.


Sona yaxın jurnalist Elmarın dilindən bir məqalə verilir. "Qorxuram sizlərdən" adlı məqalə romanda uğurlu bir bədii gedişat kimi yadımda qaldı. Ancaq, məqalə mənə daha çox şeir kimi ləzzət elədi. Fomasını isə nəsr kimi uyğun görüb Xəyyam.



Bunula belə, Monoloq əsəri çox uğurlu alınıb. Xəyyam Namazov hər bir "yaxşı oğlanı" və öz taleyinə biganə qalan,gələcəyini öz ƏRinə tapşıran hər bir gənc qadını müsbət mənada dəyişməyə sövq edən dəyərli bir əsər yaradıb. Bu uğuruna görə onu təbrik edirəm!



Qaynaq: http://elchinkarimov.blogspot.com/2012/11/monoloq.html

MONOLOQ @ QANUN Nəşriyyatı 2012

  • s-facebook
  • s-tbird
  • s-blogger
  • s-rss
bottom of page